sitename
» » » ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Saytın xəritəsi Saytın xəritəsi

ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)

 
1.Şiəlik "Səqifə” hadisəsi ərəfəsində yaranmışdır?

Bəzi Əhli-Sünnə tarixçilərinin nəzərinə görə "Səqifə”də Əbubəkr xəlifə seçilərkən, bir qrup adamın, ona beyət etməyib Hz.Əlinin(ə) ardınca getməsilə şiəlik yaranmışdır. Bu nəzəriyyəni dəstəkləyənlər: İbn Xəldun(Tarix c.3, s.364), Dr. Həsən İbrahim Həsən(Tarixul-İslam c.1, s. 371), Əhməd Əmin Misri(Fəcrul-İslam s.266), Muhəmməd Abdullah Ənnan(Tarixul-Cəmiyyatus-Səriyyə s.26) və məşhur şərqşünas Cold Teshir(Əl-Əqidə vəş-Şəriə fil-İslam s.174).
Bu fikrə əsasən, mühacir və ənsar Bəni-saidə səqifəsində (eyvanında) toplanıb Peyğəmbərdən (s) sonra onun canişinin hansı qəbilədən və kimin olacağını müzakirə edirdilər. Səhabələrdən bəziləri Əli ibni Əbu Talibin xilafətə daha layiq olduğunu israr edərək Əbu Bəkrin xəlifə seçilməsinə öz etirazlarını bildirdilər və həzrət Əlinin (ə) evində toplanıb Əbu Bəkrə beyət etməkdən imtina etdilər. Məhz bu səbəbdən də onlar sonralar Əli şiələri kimi tanındılar.
Belə bir fikrə əsaslanan tarixçilərdən biri də İbni Xəldun olmuşdur. O deyir:
«Şiəlik Peyğəmbər (s) vəfat etdikdən sonra meydana gəldi. Çünki Əhli-beyt özünü xilafətə hamıdan daha layiqli sanır və səhabələrdən bəziləri də Əlinin (ə) davamçıları olduqları üçün onu xilafətə hamıdan münasib hesab edirdi. Bu səbəbdən də onlar xəlifəyə beyət etməkdən imtina edib Əliyə (ə) üz tutdular. (Tarixi İbn Xəldun c.3, s.364)
Təbəri də bu barədə belə yazır:
Ənsar, Səd ibni Übadəyə beyət etmək üçün Bəni-saidə səqifəsinə(eyvanına) toplaşdı. Əbu Bəkr bu xəbəri eşitdikdən sonra Ömər və Əbu Übeydə Cərrahla birlikdə oraya gəldi və üzünü ənsara tutub onlardan soruşdu: Nəyi müzakirə edirsiniz? Onlar dedi: Əmirin (xəlifənin) biri bizdən, biri də sizdən olsun. Əbu Bəkr dedi: Əmir bizdən, onun vəziri isə sizdən olacaq...
Sonra Ömər Əbu Bəkrə beyət etdi və başqaları da onun xilafətinə tabe oldular. Lakin ənsar və ya onlardan bəziləri etiraz edərək dedilər: Əlidən başqa bir kimsəyə beyət etməyəcəyik.
Təbəri sonra yazır: Ömər ibni Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və ənsardan olan bir neçə nəfər şəxs də orada idi. Qəzəblə üzünü onlara tutub dedi: And olsun Allaha, əgər çıxıb Əbu Bəkrə beyət etməsəniz evə od vurub yandıracağam. (Tarixi Təbəri cild 2)
Yəqubi də öz tarix kitabında yazır: «Ənsar və mühacirdən bəziləri Əbu Bəkrə beyət etməkdən imtina edib Əli ibni Əbu Talibə tərəf üz tutdular. Abbas ibni Əbdülmüttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvvam, Salmani Farsi, Əbuzər Ğəffari, Əmmar ibni Yasir, Bərra ibni Azib və Ubey ibni Kəb də onların arasında idi.( Yəqubi cild 2)
Doktor Əhməd Əmin yazır: «Şiələrin ilk şəxsiyyətləri o kəslərdir ki, Peyğəmbər (s) vəfat etdikdən sonra onun Əhli-beytini xilafətə hamıdan daha layiqli hesab edirdilər.»( (Fəcrul-İslam s.266)
Doktor Həsən İbrahim Həsən yazır: «Peyğəmbər (s) vəfat etdikdən sonra müsəlmanlar son mərhələdə Əbu Bəkrin xilafəti ilə nəticələnən hakimiyyət məsələsi ətrafında ixtilafa düçar oldular və bu ixtilaf ərəb ümmətinin «Cəmaət» və «Şiə» adlanan iki hissəyə bölünməsinə səbəb oldu.( Tarixul-İslam c.1, s. 371)

Tənqid və cavab
Şiə alimləri, bu fikrə əsaslanan tarixçilərin irəli sürdükləri fərziyyələri rədd etmişlər. Onlar şiə məzhəbinin Səqifə hadisəsi zamanı deyil, hələ Peyğəmbərin (s) sağlığında meydana gəldiyini bildirirlər. Axı necə ola bilərdi ki, belə bir həyəcanlı gündə istər Səqifədə, istərsə də Əli ibni Əbu Talibin evində toplaşmış mühacir və ənsar arasında təsadüfi olaraq fikir yekdilliyi yaransın və onlar Əlinin (ə) xilafət məsələsini ortaya atıb, Əbu Bəkrə beyət etməkdən imtina etsinlər. Təbərinin dediklərinə diqqət yetirin: (Səqifədə olan) ənsar və mühacir və ya onlardan bəziləri dedilər: Əlidən başqa bir kimsəyə beyət etməyəcəyik. Ömər ibni Xəttab beyət mərasimi başa çatdıqdan sonra Əlinin (ə) evinə getdi. Beyət etməkdən imtina edən Təlhə və Zübeyri də orada görüb onlara hədə-qorxu gələrək Əbu Bəkrə beyət etməyi təkid etdi.
Belə bir halda necə ola bilərdi ki, Əlinin (ə) evində toplanan mühacir və ənsardan olan bir qrup şəxs Səqifədə toplanan başqa bir qrupla təsadüfi olaraq eyni fikirdə olsunlar, Əlinin (ə) xilafətə layiq və haqq olduğuna dair yetkin fikir əldə etsinlər və nəticədə şiə adlı müstəqil bir məzhəb halına düşsünlər?! Əlavə olaraq bunu da qeyd edək ki, İbni Quteybə nəql edərək deyir: «Əbuzər, Əbu Bəkr üçün beyət alındığı zaman orada yox idi və gəlib vəziyyətlə tanış olduqdan sonra dedi: Az bir şeyə qane olub Peyğəmbərin (s) Əhli-beytindən uzaq düşdünüz? Əgər xilafəti Əhli-beytə həvalə etsəydiniz, aranızda heç bir ixtilaf yaranmazdı.(ƏL-İMAMƏT VƏS-SİYASƏT səh.12)
Əbuzərin dediklərindən belə bir qənaətə gəlmək olur ki, Əlinin (ə) digər səhabələrdən üstünlüyü və onun xəlifə olmaq haqqı heç də Səqifə günü bəlli olmamışdır. Belə ki, o, Səqifədə iştirak etmədiyi bir halda, bu hadisədən xəbər tutduqdan sonra dərhal etirazını bildirmiş və Əlinin (ə) digər səhabələrdən üstün olduğunu bəyan etmişdir.
Müəllif :Hacı Samir Ağayev
 
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))