sitename
» » » Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Saytın xəritəsi Saytın xəritəsi

Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri:

Həyatı paklıq və ismətlə zəngin olmuş bir insana cəsarət etmək yalnız və yalnız Allahla düşmənçilikdən qorxmayan adamdan müşahidə oluna bilər. Sözügedən cəsarətin ölümlə hədələmək olduğu nəzərə alındıqda həmin şəxsin uca Allahdan heç çəkinmədiyi aşkar olur. Həmin pak insanın isə aləmlərə rəhmət olan Peyğəmbərin(s) nəvəsi olduğu, hər növ çirkinlik və günahdan uzaqlaşdırılmış pak əhli-beytə mənsubluğu, barəsində ilahi rəsulun "o məndəndir, mən də ondanam və o cənnət cavanlarının ağasıdır” dediyi bilindikdə İmam Huseyn(ə) düşmənlərinin nə qədər rəzil adamlar olduğu anlaşılır. Əlinizdəki bu bukletdə öz adlarını tarixin ən qara səhifəsinə böyük hərflərlə yazmış o vicdansız şəxslərin üç əsas cəhətinə işarə edəciyik və onların necə şərəfli bir insanla vuruşduqlarını göstərəciyik. 1)Ibadətsizlik: varlıq aləminin yaradıcısına olan itaət və ibadət insan övladının birinci vəzifəsidir. İlk insani vəzifəsini yerinə yetirməyən şəxs digər yükümlüklərinin öhdəsindən heç bir halda gələ bilməz. Nəticə etibarı ilə Allaha ibadət etməyərək Ondan uzaq düşmüş adamın istənilən günaha bulaşması ehtimal olunur. Ömrü boyunca alnını bir dəfə də olsun səcdəyə düşməklə yerə qoymamış Yezid kimilərin İmam Huseyn(ə) kimi pak insanları qətlə yetirməsi də eynilə ilahi itaətin nəticəsi ilə uyğunluq təşkil edir. Həqiqətən, İmam Huseyn(ə)-ın düşmənləri namaz və bu kimi ilahi itaət hesab olunan əməllərin nə olduğunu anlamamışdılar. Yezid və digər əsas başçılar namaz qılmamaqdan əlavə şərab içmək, meymunla oynamaq və möhtərəm insanları öldürməkdən də çəkinmirdilər. Onların köməkçiləri isə bəzən namaz qılıb ibadətə zahirdə meyl göstərsələr də ilahi itaətin həqiqətini heç başa düşməmişdilər. Nə dini mərifətləri var idi, nə də uca Allahla köklü rabitələri. Həqiqətən, onların heç biri ruhları ilə ibadətə bağlanmamışdı. Bu itaət və ilahi ibadətin yoxluğu Huseyn(ə) düşmənlərinin əsas göstəricisi idi.

Lakin İmam Huseyn(ə)-ın səhabələrinin halı... Necə də qəribə və dərin ilahi məhəbbətlə dolu bir səhnə... Onların Aşura günündəki abu-havası. Aşura günü həyatları boyunca yaşatmış olduqları mənəviyyatın kuliminasiyası və məntiqi nəticəsi idi. Onlar dünyaya və içindəkilərə zərrə qədər belə bağlanmamışdılar deyə, rahatlıqla İmam Huseynə(ə) qoşulub Kərbəlaya üz tuta bildilər. Həmçinin uca Allaha elə bərk və möhkəm şəkildə bağlanmışdılar ki, Onun razılığı üçün öz mallarından, əhli-əyalından və ən əsas isə bal kimi hər şeydən şirin canlarından keçdilər. Onlar Huseynin(ə) eşq dolu bu cümləsinin həqiqətini öz ürəklərinə yazmış şərafətli insanlar idi: " İlahi Səni tapan nə itirib ki, Səndən uzaq düşən nəsə tapa bilsin”. 2)Dünyapərəstlik:insan övladının dünya və onun içindəkilərlə olan sarsılmaz rabitəsi ilahi məhəbbətlə birgə olmazsa, şübhə yoxdur ki, gün keçdikcə bu rabitə daha da güclənəcək və elə bir həddə çatacaqdır ki, bu əlaqənin gözlənilmədən qırılması-yəni ölüm insan üçün arzuolunmaz və qorxulu olacaq. İlahi nəbilər insanları Allahı sevib Ona itaət etməyə çağırdılar ki, qaçılmaz ölüm həqiqəti onlar üçün qorxulu bir şey olmasın. Odur ki, islami təlimlərin məntiqinə əsasən həyatı ibadətsiz keçən insanın dünyapərəst olması labud və inkarolunmaz həqiqətdir. Yezid tərəfdarlarının uca Allaha itaət və ibadətdən uzaq düşdüklərini qeyd etdik. Nəticə etibarı ilə onların dünyapərəst olması da təbii bir hal idi. Lakin onların dünyaya pərəstişi özünün pik həddinə çatmışdı. Tanınmış səhabə Səd ibn Vəqqasın oğlu Ömər İmam Huseyn(ə) ağanı çox yaxşı tanıdığı və onun nə cür fəzilətlərə sahib olduğunu bildiyi halda Yezid qoşununa rəhbərlik etdi. Çünki ona Yezidin sağ əli hesab olunan Kufə şəhərinin əmiri ibn Ziyad, Rey torpaqlarında başçılıq məqamı verəcəyini vəd etmişdi. Əbəs deyildir ki, Yezidin qoşununda olanların çoxu kiçik məbləğli bəxşişlərin müqabilində İmam Huseynə(ə) qarşı vuruşurdu. Onların qəlbi dünya sevgisindən elə bərkimişdi ki, nə uşaqlara rəhm etdilər, nə də əsir düşmüş qadınlara. Beyinləri dünya arzularına çatmaq üçün dəhşət doğuracaq həddə qəzəblə dolmuşdu. Nəticə göz qabağında idi. 6 aylıq uşaq öldürüldü, Əbəlfəzlin(ə) qolları kəsildi, heç kim sağ buraxılmadı və Huseynin(ə) başını kəsməklə də ürəkləri soyumadı. Qadın və uşaqları zülmlə Yezidin sarayına əsir apardılar. Hələ bəs deyilmiş kimi yol boyu İmam Huseynin(ə) başını nizəyə taxıb ona kafir və xarici( uca Allaha pənah aparırıq) dedilər. Çünki onların qəlbi dünya sevgisində qərq olmuşdu və onlar zərrə qədər də Allahdan qorxmurdular. Lakin Huseynin(ə) vəfalı dostları... Onlar dünyaya aid hər bir şeylərini tərk edib İmama(ə) qoşulmuşdular. Həbib ibn Məzahir Kufədən olan imkanlı və geniş ailəyə sahib yaşlı bir kişi idi. Hər şeyini geridə qoymuş və özünü Peyğəmbər(s) nəvəsinə həsr etmişdi. Həbib kimi digər səhabələr də dünyada olan hər şeylərindən əlavə canlarını da imama(ə) təslim etmişdilər. Çünki onlar zərrə qədər bu həyata bağlanmamış və bütün qəlbləri ilə Allahdan qorxurdular. Zatən şəhadətləri də məlum həqiqətin ən son və mükəmməl təcəssümü idi. 3)Qəddarlıq: aşura günü- insanlıq tarixinin ən faciəli səhnəsidir. Kimin qətlə yetirildiyi və necə qətl olunduğu nəzərə alınarsa aşura dəhşəti terrorizmin və qətliamların başında dayanır. Damarlardaki qanı donduran aşura gününün zülmləri neçə vaxt öncədən cücərməyə başlamışdı. Hələ Muaviyənin dövründə Hz.Əlini(ə) sevən insanlara olunan haqsızlıq və təcavüzlər aşura qətliamının ilk cücərtiləri idi. Hz.Əlinin(ə) yaxın dostu olmuş Hucr ibn Ədiy və iki gənc oğlunun vəhşicəsinə Muaviyə tərəfindən öldürülməsi, şiələrin daim təqib və təzyiq altında yaşaması aşuraya doğru aparan yolun başlanğıcı idi. Kərbəla faciəsinin yaxınlaşması isə İmam Huseynin(ə) Kufəyə göndərdiyi elçilər olan Muslim ibn Əqil və Qeys ibn Muzəhhərin qətli ilə hiss olundu. İmama(ə) ardıcıl şəkildə 10000 məktub yazaraq öz şəhərlərinə çağırmış Kufə əhalisi öncə Müslümü, sonra isə Huseynin(ə) özünü tək qoydular. Qəddarlıqları hələ Muaviyənin dövründən şiələrə bəlli olan düşmən əsgərləri Müslümü öldürməklə sakitləşməmiş və onun iki azyaşlı balasının da başlarını kəsmişdilər. Bundan öncə Hz.Əli(ə) həyatda olduğu zaman Muaviyənin Hicaz torpaqlarına qarət məqsədilə göndərdiyi ordu komandanı Busr ibn Ərtad da Peyğəmbərin(s) əmisi oğlu və Əlinin(ə) Yəməndəki nümayəndəsi olan Übeydullah ibn Abbasın iki yeniyetmə oğlunu amansızcasına öldürmüşdü. Görünən budur ki, yad əllərlə yaradılmış müasir terroristlərin "baş kəsmə mədəniyyəti” Muaviyə və Yezid hakimiyyətinin şiələrə və əhli-beyti sevən insanlara qarşı ən güclü silahı idi. Qeyd etmək lazımdır ki, aşura günündəki dəhşətlərdən qabaq İmam Huseynin(ə) Bəsrə şəhərinə göndərdiyi elçisi Süleyman ibn Əzim də Yezid hakimiyyətinin dirəyi olan ibn Ziyad tərəfindən öldürülmüşdü. Bütün bunlar Aşuraya qədər baş verən qəddarlıqların çox az bir hissəsidir. Amma aşura günü...Şiələrin və ümumiyyətlə, qəlbində rəhm olan bütün insanların ürəyini yandıran zülmlərlə dolu bir gün... Mərhəmətli insanların Hz.Zeynəb(s.ə) kimi görməyə deyil, hətta eşitməyə belə tab gətirə bilmədiyi dəhşətli qətllərlə dolu bir gün...Fərat çayının yolu bağlanmaqla Imamın(ə) qoşunu susuz qoyuldu, 6 aylıq südəmər körpə boğazından oxlandı, Huseynin(ə) qardaşları və qardaş oğulları bircə-bircə öldürüldü, Əbəlfəzlin(ə) qolları kəsildi, Huseynin(ə) gənc oğlu Əliəkbər gözünün qarşısında tikə-tikə doğrandı və daha nələr...Qələm o dəhşətləri yazmağa acizdir! Bütün bunlar azmış kimi şəhid olmuş İmam Huseyn(ə) və dostlarının cəsədləri üzərindən atlar çapıldı. Qadınların xeymələrinə hücumlar edildi və bu kimi bir çox şərəfsiz işlər görməkdən çəkinilmədi. Lakin İmam Huseynin(ə) mərhəməti...Eynilə babası Peyğəmbər(s) və atası Əli(ə) kimi o da bir rəhmət və qayğıkeşlik nümunəsi idi. Aşura günündə yerə düşmüş cəsədindəki yaraların içində digərlərindən seçilən bir yara o həzrətin(ə) bədənində daha öncə yaranmışdı. Gecələr ərzaqla dolu ağır zənbili belinə atıb qapı-qapı fəqirlərin və yoxsulların evlərinə baş çəkməsi və onların ehtiyacını qarşılaması üzündən belinə yara düşmüşdü. Bu işin gündəlik və tez-tez olması onun yarasını da gözlə görünən hala salmışdı. İmam Huseyn(ə) da ata-babası kimi yetimlər atası idi. Kufəyə gedən yolda imamın(ə) qarşısını kəsmək üçün göndərilmiş Hürrün qoşunu ilə Huseynin(ə) rəftarı kifayət qədər humanist idi. Suyu qurtarmaqda olan düşmən qoşununun əsgərlərinə, hətta onların heyvanlarına da su verildi.İgidlikdə dillər əzbəri olmuş Hürr su içərkən xəcalətindən titrəyirdi. İmam Huseyn(ə) isə ona sakit və rahat olmağı, özündən sonra atına da su verməyi buyurdu. Aşuradan bir gün öncə Huseyn(ə) kufəlilərin ona yazdığı məktubları bir tonqal qalayaraq yandırdı və səbəbinin xainliyə müqabil yarana biləcək təbii qəzəb olduğu düşünüldükdə o həzrətin(ə) cavabı çox qəribə olur. İmam(ə) buyurur ki, bu işi əsla qəzəbə görə etmir, əksinə ondan sonra məktubların ibn Ziyadın əlinə düşərək kufəlilərdən bir çoxunun öldürülməsindən qorxması idi. İmam Huseynin(ə) mərhəməti xain insanları belə düşünəcək qədər geniş idi. Çünki onun mərhəməti ilahi mərhəmətdən qaynaqlanırdı.

Müəllif: Rza Əliyev

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))